Oktyabr 9, 2026

Azərbaycanda həbs qətimkan tədbirinin tətbiqində formal məhkəmə nəzarəti və sistemli problemlər: İstisna qaydaya necə çevrilir?

“… özbaşına həbslər təcrübəsi bütün dövrlərdə tiranlığın ən çox müraciət etdiyi və ən qorxulu vasitələrindən biri olmuşdur.”

Aleksandr Hamilton,
Federalist № 84 (1788)

Həbs qətimkan tədbiri hələ təqsiri sübuta yetirilməmiş şəxsin azadlığına dövlət tərəfindən edilən ən ağır müdaxilə hesab edilir. Bu həmçinin dövlətin cinayət təqibini həyata keçirmək səlahiyyətləri ilə insan hüquq və azadlıqlarının ən kəskin şəkildə toqquşduğu sahədir. Məhz buna görə də onun tətbiqi ittihamın mövcudluğuna deyil, hökmə qədər həbsi qaçılmaz edən konkret və sübuta yetirilmiş hallara, zərurilik və mütənasiblik kimi prinsiplərə əsaslanmalıdır.

Azərbaycan cinayət prosessual qanunvericiliyi həbs qətimkan tədbirini qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə tətbiq edilən müstəsna prosessual məcburiyyət tədbiri kimi müəyyən edir. Bu müstəsna tədbirin tətbiqi mərhələli nəzarətə – prokuror və məhkəmə nəzarətinə – tabedir. İstintaq orqanının həbs qətimkan tədbirinin tətbiqini tələb edən vəsatəti öncə prokurorluqda qiymətləndirilir. Əgər prokuror vəsatəti qanuni və əsaslı hesab edərsə, məhkəməyə təqdimat verir. Yekun qərarı isə müvafiq qiymətləndirmədən sonra məhkəmə qəbul edir.

Qanuna görə həbsin qanuniliyi təkcə cinayət-prosessual normalara formal uyğunluqla müəyyən edilmir. İstintaq orqanı və prokuror həbsin zəruriliyini konkret faktlarla əsaslandırmalı, məhkəmə isə şəxsin cinayət törətməsinə dair “əsaslı şübhənin”, eləcə də onun gizlənmək, istintaqa mane olmaq, sübutlara təsir göstərmək və ya yeni cinayət törətmək risklərinin mövcudluğunu müstəqil və fərdiləşdirilmiş qaydada nəzərdən keçirməlidir. Məhkəmə, həmçinin həmin risklərin ev dustaqlığı, girov və ya digər daha yüngül tədbirlərlə aradan qaldırılmasının mümkün olub-olmadığını araşdırmalıdır.

Lakin təcrübə göstərir ki, Azərbaycanda bu mərhələlərin formal mövcudluğu azadlıq hüququna səmərəli təminat yaratmır. Təcrübədə müstəntiqlər alternativ tədbirləri lazımi qaydada qiymətləndirmədən həbs barədə vəsatət verir, prokurorlar bu vəsatətlərlə əsasən razılaşır, məhkəmələr isə prokurorların təqdimatlarının böyük əksəriyyətini təmin edir. Məhkəmə qərarlarında bir qayda olaraq şəxsin gizlənə, istintaqın normal gedişinə mane ola və ya cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməyə biləcəyi kimi qanunun ümumi ifadələri təkrarlanır, lakin bu formal səbəbləri – ehtimalları təsdiq edən konkret faktlar göstərilmir.

Rəsmi statistika da bu geniş yayılmış təcrübəni təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2023–2024-cü illərdə prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin müstəntiqlərinin həbs barədə vəsatətləri, demək olar ki, istisnasız olaraq məhkəməyə təqdim edilir. 2020-2021-ci illərin statistikası isə Daxili İşlər Nazirliyinin müstəntiqlərinin vəsatətlərinin
müvafiq vəsatətlərinin 84,1%-i və 82,7%-i təmin olunduğunu göstərir. Həbs müddətinin uzadılması zamanı prokurorluq nəzarətində həbsin seçilməsini tələb edən vəsatətlərlə razılıq göstəricisi daha yüksək olur. Statistik məlumatlara görə, daxili işlər orqanlarının müstəntiqlərinin həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatətlərinin 2023-cü ildə 98,1%-i, 2024-cü ildə isə 96,5%-i prokurorlar tərəfindən təmin edilərək məhkəmələrə təqdimat göndərilib.


Ətraflı oxu: 📄 Sənədi endir


Discover more from ILN

Subscribe to get the latest posts sent to your email.