Azərbaycanda insan hüquqları: məhdudlaşdırıcı qanunvericiliyin genişlənməsi və ədalətli məhkəmə araşdırması təminatlarının pozulması
İfadə azadlığına yeni məhdudiyyətlər, həbs yerlərində adekvat tibbi yardıma çıxışın təmin edilməməsi və ədalətli məhkəmə araşdırması hüququnun pozulması
Bu tematik hesabat Müstəqil Hüquqşünaslar Şəbəkəsinin (MHŞ) 1 yanvar – 1 sentyabr 2026-cı il dövründə Azərbaycanda insan hüquq və azadlıqlarına təsir göstərən qanunvericilik dəyişiklikləri, seçilmiş məhkəmə prosesləri, habelə həbsdə saxlama yerlərində tibbi xidmətə çıxışın vəziyyəti barədə apardığı müşahidələrin və hüquqi qiymətləndirmələrin nəticələrini əhatə edir.
Hesabatın məqsədi insan hüquqlarını məhdudlaşdıran qanunvericilik dəyişikliklərini və onların tətbiqi təcrübəsini beynəlxalq insan hüquqları standartları baxımından qiymətləndirmək, habelə seçilmiş sahələrdə insan hüquqları pozuntularını sənədləşdirməkdir.
Hesabat üç əsas mövzunu əhatə edir: i) məhdudlaşdırıcı qanunvericilik dəyişiklikləri, ii) həbsdə saxlama yerlərində tibbi xidmətə çıxışın vəziyyəti, iii) “Toplum TV” işi üzrə məhkəmə araşdırmasının və hökmün hüquqi qiymətləndirilməsi.
Hesabat Azərbaycanda insan hüquqlarının vəziyyətini siyasi motivli cinayət işləri üzrə həbs edilmiş vətəndaş cəmiyyəti, media və siyasi müxalifət nümayəndələrinin üzləşdikləri hüquq pozuntuları əsasında təhlil edir.
Bu şəxslərin öz hüquqlarını fəal şəkildə tələb etməsi və müdafiəçilərinin davamlı müraciətləri məruz qaldıqları pozuntuların daha ətraflı sənədləşdirilməsinə imkan verir. Sənədləşdirilmiş bu işlər Azərbaycanda insan hüquqları pozuntularının sistematik xarakterini və geniş miqyasını göstərir. Bu pozuntular həm də hüquq-mühafizə orqanlarının fəaliyyəti üzərində ictimai və səmərəli məhkəmə nəzarətinin olmadığını, hüquqdan sui-istifadənin cəzalandırma vasitəsinə çevrildiyini və hüquqi müdafiənin dərin böhranını üzə çıxarır.
Metodologiya
Hesabat MHŞ-nin müəyyən etdiyi tematik istiqamətlər üzrə monitorinq, sənədləşdirmə və hüquqi təhlilin nəticələrinə əsaslanır. Mənbələrə Azərbaycan qanunvericiliyi, beynəlxalq insan hüquqları sənədləri, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, əldə edilə bilən istintaq, məhkəmə və müdafiə tərəfinin materialları, beynəlxalq və yerli insan hüquqları təşkilatlarının hesabatları daxildir.
Hesabatın hazırlanması zamanı hüquqşünaslar və müdafiə tərəfinin nümayəndələri ilə məsləhətləşmələr aparılıb, təqsirləndirilən şəxslərin iş materialları, o cümlədən istintaq sənədləri, ittiham aktları və məhkəmə hökmləri, habelə müdafiə tərəfinin şikayətləri, vəsatətləri, ərizələri və digər hüquqi müraciətləri nəzərdən keçirilib.
Hesabatın əhatə etdiyi dövrdə Azərbaycanda baş vermiş və ya davam edən digər insan hüquqları pozuntularının bu hesabatda araşdırılmaması onların daha az əhəmiyyətli olması ilə bağlı deyil. Bu monitorinqin tematik xarakterindən və müəyyən istiqamətlər üzrə əsas tendensiyaları üzə çıxarmaq məqsədindən irəli gəlir.
Mənbəyə istinad edilməklə hesabatdan istifadə edilə bilər.
Discover more from ILN
Subscribe to get the latest posts sent to your email.