“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna yeni dəyişikliklərin təhlili
Azərbaycan Respublikasında internetdə yayılması qadağan edilən informasiyanın hüquqi rejimi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunla tənzimlənir. Qanun bəzi infomasiya növlərinin yayılmasını qadağan edir, İnzibati Xətalar Məcəlləsi (İXM) isə həmin məlumatların yayılmasına görə məsuliyyət müəyyən edir. 30 dekabr 2025-ci il tarixində bu Qanuna edilən dəyişikliklə internet informasiya ehtiyatlarında yayılması qadağan edilən məlumatların siyahısı daha da genişləndirilmiş, “ictimai mənəviyyatı təhqir edən” və “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” məlumatlar ayrıca qadağan olunmuş informasiya növü kimi müəyyən edilmişdir.
Dəyişikliklərin qüvvəyə minməsindən qısa müddət sonra artıq bir sıra şəxslərin, o cümlədən sosial şəbəkə istifadəçilərinin və bloqerlərin bu müddəalarla əlaqəli inzibati məsuliyyətə cəlb edilməsi məsələləri gündəmə gəlib. Məhkəmə təcrübəsinin təhlili göstərir ki, qüvvəyə mindiyi tarixdən 2026-cı ilin mart ayınadək ümumilikdə ən azı 45 məhkəmə işi üzrə 41 inzibati tənbeh tətbiq etmə qərarı qəbul edilib.
Qanuna edilən dəyişikliklər, xüsusilə də internet informasiya ehtiyatlarında yayılması qadağan edilən məlumatların dairəsinin genişləndirilməsi və bununla əlaqədar inzibati məsuliyyət mexanizminin əlavə edilməsi həm hüquqi müəyyənlik prinsipi, həm də ifadə azadlığının qorunması baxımından bir çox hüquqi problemlər yaradır. Qanunda nəzərdə tutulan “ictimai mənəviyyat”, “cəmiyyətə açıqca hörmətsizlik”, “əxlaqsız ifadələr”, “milli-mənəvi dəyərlər” kimi ifadələr qanunvericilikdə və ya məhkəmə təcrübəsində dəqiq şərh edilmir. İfadələrin şərhində isə AİHM-in ifadə azadlığı ilə bağlı formalaşdırdığı standartlar nəzərə alınmır və həmin maddələrin tətbiqi hüdudları müəyyən edilməyib. Bundan əlavə, qanun pozuntusuna görə nəzərdə tutulmuş sanksiyalar, xüsusilə də inzibati həbs mexanizmi həmin normaların çəkindirici təsirini daha da artırır. Nəticədə qanunun təsiri konkret işlərlə məhdudlaşmır, bütövlükdə cəmiyyətdə özünüsenzura mühitinin formalaşmasına səbəb olur.
Müstəqil Hüquqşünaslar Şəbəkəsinin bu araşdırma məqaləsində Qanunun əvvəlki redaksiyasında mövcud olmuş hüquqi problemlər və yeni dəyişikliklərin hüquqi nəticələri təhlil edilir. Təhlil iki istiqamətdə aparılır: dəyişikliklərin normativ məzmununun norma-yaratma texnikası və hüquqi müəyyənlik prinsipi baxımından təhlili; həmin dəyişikliklərin ifadə azadlığına təsiri və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) ifadə azadlığı ilə bağlı məhkəmə təcrübəsinə uyğunluğu.
Daha ətraflı BURADA
Discover more from ILN
Subscribe to get the latest posts sent to your email.