Aprel 29, 2026

Azərbaycanda məhkəmə nəzarəti mexanizmi çərçivəsində şikayətlərin baxılmadan geri qaytarılması praktikası

Hüquqi dövlətdə məhkəmə nəzarəti institutunun əsas məqsədi hüquq mühafizə və ibtidai araşdırma orqanlarının müəyyən qərar və hərəkətləri üzərində effektiv nəzarəti təmin etmək, mümkün sui-istifadə hallarının qarşısını almaq və cinayət prosesinin erkən mərhələsində şəxslərin hüquq və azadlıqlarının qorunmasına təminat yaratmaqdır. Bu institut eyni zamanda şəxslərin pozulmuş hüquqlarının məhkəmə araşdırması mərhələsinə qədər effektiv müdafiəsinə xidmət edən mühüm prosessual təminat mexanizmlərindən biridir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra Konstitusiya Məhkəməsi və ya KM) məhkəmə nəzarətinin əsas məqsədlərindən birinin istintaq dövründə baş verən pozuntuların vaxtında qarşısını almaq və beləcə məhkəmədə cinayət işinə mahiyyəti üzrə baxılana qədər məhkəmənin ədalətliliyinə təsir edəcək halların aradan qaldırmaq olduğunu vurğulayır.

Lakin son illərdə Azərbaycanda cinayət prosesində məhkəmə nəzarəti qaydasında verilən şikayətlərin əhəmiyyətli bir hissəsinin məhkəmələr tərəfindən mahiyyəti üzrə araşdırılmadan “geri qaytarılması” praktikasına tez-tez rast gəlinir. Cinayət prosesində şikayətin geri qaytarılması şikayətin əsaslı olub-olmamasına qiymət verilmədən, əsasən prosessual tələblərə əməl edilməməsi və ya məhkəmənin yurisdiksiyasına aid olmadığı əsasları ilə icraata qəbul edilməməsi deməkdir. Bu qərar şikayətin əsaslı olub-olmamasına qiymət verilmədən qəbul edilir. Bu qərarın nəticəsi olaraq şikayət mahiyyəti üzrə məhkəmə baxışından məhrum olur ki, bu da məhkəmə nəzarətinin effektivliyi və hüquq müdafiə vasitələrinin səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu mexanizm bir tərəfdən prosessual intizamın və yurisdiksiya sərhədlərinin qorunmasına xidmət edən legitim məqsədlər üçün filtr funksiyası daşısa da, digər tərəfdən onun həddən artıq formalist tətbiqi məhkəməyə çıxış hüququ, səmərəli hüquq müdafiə vasitəsi və əsas hüquq və azadlıqarın effektiv müdafiəsinin zəifləməsinə səbəb ola bilər. Bu isə nəticə etibarilə məhkəmə nəzarəti institutunun mahiyyətinə və onun cinayət prosesində hüquqların effektiv müdafiəsi funksiyasını sıradan çıxara bilər.

Müstəqil Hüquqşünaslar Şəbəkəsinin bu araşdırma yazısıda məhkəmə nəzarəti sistemində “geri qaytarılma” təcrübəsinin bütün halları deyil, yalnız insan hüquq və azadlıqları ilə daha sıx bağlı olan spesifik məsələlərə nəzər yetirilir. Buna görə də, bu təhlil əsasən azadlıqdan məhrum edilmiş şəxslərin hüquqları, ölkədən çıxışına qadağa qoyulan şahidlər, işgəncə və pis rəftar şikayətləri, eləcə də gizli əməliyyat-axtarış tədbirləri ilə bağlı hüquq pozuntuları kontekstində aparılır. Bu yanaşma həmin məsələlərin praktikada geniş yayılması və insan hüquqlarının müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıması ilə bağlıdır.


Discover more from ILN

Subscribe to get the latest posts sent to your email.