Oktyabr 30, 2025

MHŞ BMT-nin İşgəncələrə Qarşı Komitəsinə Azərbaycana dair “Komitə tövsiyələrinin icra vəziyyəti” üzrə izləmə hesabatı təqdim edib

30 oktyabr 2025-ci il tarixində Müstəqil Hüquqşünaslar Şəbəkəsi (MHŞ), İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT) ilə birlikdə, Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Komitəsinə 6 may 2024-cü il tarixli yekun müşahidələrinin icrası ilə bağlı vəziyyətə dair izləmə (follow-up) hesabatı təqdim edib.


Təqdim olunan sənəd 2024-cü ilin may ayından sonrakı dövr üzrə Komitə tərəfindən yekun müşahidələrdə qaldırılmış məsələlərə dair vəziyyətin yenilənmiş və hərtərəfli qiymətləndirilməsini təqdim edir. Hesabat Komitə tərəfindən prioritet izləmə üçün müəyyən edilmiş bütün istiqamətlər üzrə vəziyyətin əhəmiyyətli dərəcədə pisləşdiyi qənaətinə gəlir.
Hesabata görə Azərbaycan dövləti Komitənin tələb etdiyi izləmə məlumatlarını təqdim etməmiş, əksinə hüquqşünaslar, jurnalistlər, insan hüquqları müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələrinə təsir edən məhdudiyyətləri daha da genişləndirmişdir.
Hesabatda qeyd olunur ki, işgəncə və qeyri-insani rəftar halları sistemli xarakter daşımaqda davam edir və faktiki olaraq cəzasız qalır. Saxlanma yerlərində fiziki zorakılıq, psixoloji təzyiq və məcburetmə ilə bağlı çoxsaylı etibarlı iddialara baxmayaraq, bu hallarla bağlı araşdırmalar ya ümumiyyətlə aparılmır, ya da formal və nəticəsiz qalır. Məhkəmələr işgəncə şikayətlərini əhəmiyyətli araşdırma aparmadan sistemli şəkildə rədd edir, nəzarət mexanizmləri isə öz nəticələrini ictimaiyyətə açıqlamır və məsuliyyətin təmin olunmasına nail olmur. Yüksək səviyyəli dövlət rəsmilərinin açıq qınağının olmaması və müstəqil araşdırmaların aparılmaması Konvensiyanın tələb etdiyi “sıfır tolerantlıq” siyasətinin faktiki olaraq tətbiq edilmədiyini göstərir.
Hesabatda qaldırılan əsas narahatlıqlardan biri də hüquqşünasların müstəqilliyinin və effektiv hüquqi müdafiə təminatlarına çıxışın kəskin şəkildə zəifləməsidir. Siyasi məhbusları və işgəncə qurbanlarını müdafiə edən vəkillər təqib, intizam sanksiyaları, fəaliyyətlərinin dayandırılması və cinayət təqibləri ilə üzləşməkdə davam edir. Son qanunvericilik dəyişiklikləri isə Vəkillər Kollegiyası üzərində icra hakimiyyətinin təsir imkanlarını genişləndirir, vəkil–müştəri məxfiliyini zəiflədir və hüquq peşəsi üzərində uzunmüddətli dövlət nəzarətinin institusionallaşması riskini yaradır. Bu tendensiyalar Konvensiyanın 13(b) maddəsinə birbaşa ziddir və vəkillərin rolu ilə bağlı beynəlxalq standartlarla uyğun gəlmir.
İzləmə hesabatı işgəncə və pis rəftar hallarını eyni zamanda getdikcə daralan vətəndaş cəmiyyəti mühiti kontekstində qiymətləndirir. 2024–2025-ci illər ərzində onlarla jurnalist, QHT rəhbəri və fəal siyasi motivli cinayət ittihamları ilə üzləşmişdir. Müstəqil media qurumları və beynəlxalq təşkilatlar fəaliyyətlərini dayandırmağa məcbur edilmiş, yeni qanunvericilik dəyişiklikləri isə QHT-lər və xarici maliyyələşmə üzərində dövlət nəzarətini daha da gücləndirmişdir.
Bu nəticələri nəzərə alaraq, MHŞ və OMCT BMT-nin İşgəncələrə Qarşı Komitəsini Azərbaycana münasibətdə gücləndirilmiş izləmə prosedurlarını davam etdirməyə və əsas tövsiyələrin icrasını uyğunsuz (non-compliant) kimi qiymətləndirməyə çağırır. Hesabat vurğulayır ki, işgəncələrin qarşısının alınması, araşdırılması və cəzalandırılması istiqamətində davam edən uğursuzluq Azərbaycanın BMT-nin İşgəncələrə Qarşı Konvensiyası üzrə öhdəliklərinin sistemli şəkildə pozulması deməkdir.


Müvafiq Sənədlər:


Discover more from ILN

Subscribe to get the latest posts sent to your email.