Oktyabr 17, 2026

Azərbaycanda vəkillik fəaliyyətinin qarşısındakı maliyyə və inzibati maneələr

AI generated image

Vəkillik fəaliyyəti ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi və şəxslərin hüquq və azadlıqlarının müdafiəsi baxımından fundamental əhəmiyyət daşıyır. Bu səbəbdən vəkillik fəaliyyətinin həyata keçirilməsi üçün yaradılan hüquqi və institusional çərçivə yalnız vəkillərin peşə maraqları baxımından deyil, həm də hüquqi yardıma və ədalət mühakiməsinə çıxış baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanda vəkillik fəaliyyətinin hüquqi tənzimlənməsi və praktikasında bir sıra problemlərə rast gəlinir. Bu yazıda vəkillik fəaliyyətinin həyata keçirilməsinə təsir edən üç əsas məsələ araşdırılır. Birinci hissədə vəkillərin üzərinə düşən maliyyə yükü, yəni vergi və digər məcburi ödənişlər təhlil edilir. İkinci hissədə vəkilin konkret şəxsə hüquqi yardım göstərmək və ya müəyyən iş üzrə nümayəndə kimi çıxış etmək səlahiyyətini rəsmiləşdirən sənəd olan vəkil orderi araşdırılacaqdır. Bu hissədə vəkil orderi mexanizminin zəruriliyi və yaratdığı çətinliklərqiymətləndiriləcəkdir. Üçüncü hissədə isə vəkillik fəaliyyətinin həyata keçirildiyi vəkil qurumları ilə münasibətlər və bu kontekstdə yaranan təşkilati və inzibati problemlər müzakirə olunur.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının məlumatına əsasən 2026-cı ildə Kollegiyanın üzvlərinin sayı 3003-ə çatmışdır. 2025-ci il üzrə Kollegiyanın statistik hesabatında isə vəkil sayının 2826 olduğu, onlardan 2676-nın vəkil bürosunda, 150-nin isə fərdi qaydada fəaliyyət göstərdiyi göstərilir. Bu rəqəmlərdən vəkillərin böyük əksəriyyətinin vəkil qurumlarının tərkibində fəaliyyət göstərdiyi aydın olur. Buna görə də, vəkil qurumlarının hüquqi statusu, onların vəkillərlə münasibətləri və bu qurumların fəaliyyətinə tətbiq olunan inzibati mexanizmlər vəkillik fəaliyyəti üçün xüsusi əhəmiyyət kəsb edir.

Yazının məqsədi mövcud qanunvericiliyin və onun tətbiqi praktikasının vəkillik fəaliyyətinin iqtisadi dayanıqlılığına, praktiki səmərəliliyinə və peşəkar müstəqilliyinə təsirini müəyyən etmək və mövcud hüquqi mexanizmlərin vəkillik fəaliyyəti üçün yaratdığı çətinlikləri qiymətləndirməkdir. Yazı çərçivəsində müəyyən edilmiş problemlərin aradan qaldırılması, habelə vəkillik fəaliyyətinin hüquqi və institusional çərçivəsinin təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələr təqdim ediləcəkdir.

Vəkillik fəaliyyətinin həyata keçirilməsi vəkil üçün yalnız peşəkar və inzibati öhdəliklər deyil, həm də əhəmiyyətli iqtisadi öhdəliklər yaradır. Vəkilin əsas maliyyə yükü yeddi növ ödənişdən ibarətdir : 1) gəlir vergisi, 2) məcburi dövlət sosial sığortası, 3) tibbi sığorta, 4) Kollegiyaya üzvlük haqqı, 5) peşə məsuliyyəti üzrə ödəniş, 6) order xərcləri və 7) vəkil bürosunun saxlanması xərci.Bu ödənişlərdən ilk üçü dövlət tərəfindən müəyyən edilən məcburi ödənişlər olduğu halda, son dördü Vəkillər Kollegiyasına üzvlük və vəkillik fəaliyyətinin Kollegiya çərçivəsində təşkili ilə bağlıdır.

Bu ödənişlərin hər biri ayrı-ayrılıqda əhəmiyyətli məbləğ kimi görünməsə də, onların cəmi vəkilin əldə etdiyi qonorarın əhəmiyyətli hissəsinin müxtəlif məcburi və inzibati xərclərə yönəlməsinə səbəb olur. Habelə, bu maliyyə öhdəlikləri Azərbaycanda digər peşə fəaliyyətləri ilə müqayisədə vəkillik fəaliyyətinin daha yüksək iqtisadi yük altında həyata keçirilməsi ilə nəticələnir.

Bu vəziyyət yalnız vəkillərin gəlirləri baxımından deyil, hüquqi yardıma çıxış baxımından da əhəmiyyətlidir. Vəkillik fəaliyyətinin xərcləri artdıqca vəkilin göstərdiyi hüquqi xidmətin iqtisadi baxımdan davamlı olması üçün daha yüksək qonorar tələb etməsi zərurəti yaranır. Bu isə xüsusilə gəlir səviyyəsi aşağı olan şəxslərin peşəkar hüquqi yardıma çıxışını çətinləşdirir.


Ətraflı oxu: 📄 Sənədi endir


Discover more from ILN

Subscribe to get the latest posts sent to your email.