Azərbaycan: İnsan Hüquqları üzrə əsas Tendensiyalar (Yanvar-İyun 2026)
Photo by Lala Azizli on Unsplash
Müstəqil Hüquqşünaslar Şəbəkəsinin bu tematik monitorinqi göstərir ki, 2026-cı ilin ilk altı ayında Azərbaycanda insan hüquq və azadlıqlarının pisləşməsi tendensiyası sistematik və ardıcıl şəkildə davam edib.
Hesabat dövründə ölkədə ifadə, birləşmək və media azadlıqlarına, şəxsi həyat və digər hüquqlara məhdudlaşdırıcı təsirə malik çox sayda qanunvericilik dəyişiklikləri qəbul edilib. Bundan əlavə Bakı İstintaq Təcridxanasında hökmə qədər həbsdə saxlanılan siyasi məhbusların işgəncə, pis rəftar halları ilə bağlı şikayətləri və digər hüquqlarının pozulması halları kəskin artıb. Hesabat həmçinin göstərir ki, nə hüquq-mühafizə orqanları, nə də məhkəmə orqanları vətəndaş cəmiyyəti və media nümayəndələrinə qarşı irəli sürülən cinayət ittihamlarını hətta ölkədaxili məhdudlaşdırıcı qanunvericiliyin tələblərinə uyğun şəkildə əsaslandıra bilməyiblər. Bu isə cinayət hüququ və məhkəmə icraatından həmin şəxslərə qarşı təzyiq vasitəsi kimi sui-istifadə praktikasının ən bariz formada davam etdiyini göstərir.
Yeni qanun dəyişiklikləri geniş şərhə açıq və icra hakimiyyətinin mülahizə sərbəstliyini daha da artıran xarakterdə olduğu üçün Azərbaycanda insan hüquqları və hüququn aliliyi sahəsində geriləməni dərinləşdirib, hüquqi müəyyənlik prinsipinə isə daha da zəiflədib.
Hesabat həmçinin müəyyən edir ki, Bakı İstintaq Təcridxanasında işgəncə, pis rəftar halları və hüquq pozuntlarına dair şikayətlərin sayı kəskin artıb. MHŞ-nin monitorinqi 2026-cı ilin ilk altı ayında Bakı İstintaq Təcridxanasında, xüsusilə siyasi məhbuslara qarşı işgəncə, pis rəftar, gender-əsaslı zorakılıq və ailə üzvləri ilə görüş hüququnun qadağan edilməsi hallarında artım müşahidə olunduğunu göstərir. Bu dövrdə siyasi məhbuslara qarşı və onlar tərəfindən bu müəssisədə işgəncə və pis rəftarla bağlı ən azı 5 ictimailəşdirilmiş və 3 rəsmi şikayət qeydə alınsa da, həmin şikayətlər effektiv araşdırılmayıb. Bakı İstintaq Təcridxanasında həddindən artıq işgəncə və pis rəftar iddiaları 2026-cı ilin fevral ayından etibarən siyasi məhbusların ailə üzvləri ilə görüş hüququnun məhdudlaşdırılması beynəlxalq monitorinq mexanizmlərinin nəzarət imkanlarının sıradan çıxması ilə birlikdə cəzasızlıq mühitinin daha da dərinləşdiyini göstərir.
Hesabatda vətəndaş cəmiyyəti təşkilatları, jurnalistlər və hüquq müdafiəçilərinə və müstəqil ekspertlərə qarşı aparılan cinayət təqiblərinin mülki-hüquqi və inzibati hüquq münasibətlərinin kriminallaşdırılması yanaşması hüquqi təhlil edilir. Təhlil gəldiyi nəticəyə görə, ictimai birliklərin dövlət qeydiyyatı, həmçinin xarici maliyyələşmə üzrə müqavilələrin (əsasən xidmət müqavilələrinin) qrant müqavilələri kimi qeydiyyata alınmamasının ağır iqtisadi cinayətlər kimi tövsif edilməsi yalnız yerli cinayət hüququnun prinsipləri ilə deyil, həm də Avropa Məhkəməsinin formalaşmış presedent hüququ, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində bu məsələyə dair rəsmi ifadə etdiyi mövqeyi, eləcə də ABŞ dövlətinin yardımına münasibətdə həmin vəsaitlərin Azərbaycan ərazisində qanuni istifadəsinə təminat verən 2000-ci il tarixli ikitərəfli Saziş üzrə Azərbaycan dövlətinin götürdüyü öhdəlikləri ilə də ziddiyət təşkil edir.
30 iyun 2026-cı il tarixinə olan vəziyyətə əsasən, bu hüquqi yanaşmaya əsaslanan cinayət işləri çərçivəsində azı 49 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 11 nəfər azadlıqdan məhrum edilib, 27 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 6 nəfər barəsində həbsə alternativ qətimkan tədbiri tətbiq olunub, 2 nəfər barəsində isə axtarış elan edilib, 3 nəfərə isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilib.
MHŞ müəyyən edir ki, bu işlərdə ittihamların hüquqi konstruksiyası əsasən üç yanaşma üzərində qurulub: i) qeydiyyatsız ictimai birliklərin fəaliyyətinin qanunsuz hesab edilməsi, ii) xarici maliyyənin və qrantların qeydiyyat prosedurlarından kənar əldə edilməsinin cinayət əməli kimi qiymətləndirilməsi və iii) xarici bank hesablarına daxil olan vəsaitlərin qaçaqmalçılıq fərziyyəsi ilə əlaqələndirilməsi. MHŞ bu cinayət işlərini məhdudlaşdırıcı qrant qanunvericiliyindən və cinayət hüququndan sui-istifadə praktikasının ən bariz nümunəsi hesab edir. Belə ki, ittihamlar maddi cinayət hüququnun prinsiplərinə, milli qanunvericiliyə, vergi və maliyyə hüququna, habelə Azərbaycanın beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə uyğun gəlmir.
Hesabatda həmçinin istintaq orqanları tərəfindən tərtib edilən ittiham aktlarında ABŞ hökuməti və Böyük Britaniya və Şimali İrlandiya Krallığı ilə bağlanmış xidmət müqavilələrinin “qanunsuz qrant” kimi qiymətləndirilməsi və bu müqavilələrin bağlanması münasibətlərini “cinayətkar sövdələşmə” kimi təqdim edilməsini nəzərdən keçirir. MHŞ hesab edir ki, bu təcrübə beynəlxalq hüquq nizamına, müqavilə öhdəliklərinə hörmətə və hüquqi müəyyənlik prinsipinə əsaslanan beynəlxalq əməkdaşlıq münasibətlərinin qorunub saxlanılmasını ciddi sual altına alır.
Ümumilikdə, hesabatın nəticələri göstərir ki, 2026-cı ilin ilk altı ayında Azərbaycanda qanunvericilik və onun tətbiqi vəziyyəti fundamental hüquq və azadlıqların müdafiəsini daha da zəiflədib, cinayət hüququ və inzibati mexanizmlər vətəndaş cəmiyyəti, media və fərdlər üzərində nəzarət vasitəsi kimi sui-istifadəyə imkan verəcək şəkildə dəyişdirilib. Bu tendensiya hüququn aliliyi, hüquqi müəyyənlik və effektiv hüquqi müdafiə təminatlarının sistemli şəkildə aşındığını, Azərbaycanın milli qanunvericiliyi və beynəlxalq öhdəlikləri arasında uyğunsuzluqların daha da dərinləşdiyini, ölkədə müstəqil və təhlükəsiz vətəndaş cəmiyyəti fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi mühitin tam əlverişsiz vəziyyətə salındığını göstərir.
Discover more from ILN
Subscribe to get the latest posts sent to your email.