Vəkil Zabil Qəhrəmanovun həbs müddətinin uzadılması barədə bəyanat
Müstəqil Hüquqşünaslar Şəbəkəsi vəkil Zabil Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin müddətinin üçüncü dəfə, 2 ay müddətinə (23 iyul) qədər uzadılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2026-cı il tarixli qərarını pisləyir.
Bu qərar yalnız Zabil Qəhrəmanovun azadlıq və şəxsi toxunulmazlıq hüququna müdaxilə deyil, həm də Azərbaycanda müdafiə hüququna, vəkillərin ifadə azadlığına, peşə müstəqilliyinə və ədalət mühakiməsinə qarşı mövcud olan repressiv siyasətin bir hissəsi kimi qiymətləndirilməlidir. Müstəqil Hüquqşünaslar Şəbəkəsi Zabil Qəhrəmanovun dərhal azad edilməsini, ona qarşı əsassız cinayət təqibinə son qoyulmasını və vəkillərin öz peşə fəaliyyətini qorxmadan və müstəqil şəkildə həyata keçirməsinə təminat verilməsinə çağırır.
Vəkil Zabil Qəhrəmanov (1974) Azərbaycanda uzun illər vəkillik fəaliyyəti ilə məşğul olan insan hüquqları vəkilidir. Qəhrəmanov vəkillik fəaliyyətini həyata keçirən zaman hüquq mühafizə orqanlarının qanunsuz fəaliyyəti ilə bağlı etdiyi şikayətlərə görə dəfələrlə təzyiqlərə məruz qalıb, müdafiə etdiyi şəxslər onun vəkilliyindən imtina etməyə məcbur ediliblər.
Qəhrəmanov 2025-ci ilin iyun ayında müdafiə etdiyi şəxslərin işləri ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının fəaliyyəti haqqında sosial şəbəkələrdə öz tənqidi fikirlərini yazıb. Bundan sonra Daxili işlər nazirliyinin şikayəti əsasında Qəhrəmanovun vəkillik fəaliyyəti 08 oktyabr 2025-ci ildə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə 06 ay müddətinə, 08.10.2025-ci ildən 08.04.2026-cı il tarixinədək dayandırılıb.
Azərbaycan Vəkillər Kollegiyası intizam cəzası qərarını Qəhrəmanovun Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları haqqında əsassız fikirləri səsləndirməsi və həqiqətə uyğun olmayan məlumatları yayması ilə əsaslandırıb. Lakin Vəkillər Kollegiyası bu nəticəyə gələrkən vəkillərin ifadə azadlığına dair mövcud beynəlxalq standartları və əsas meyarları nəzərə almayıb. Kollegiya xüsusi ilə polis orqanlarının nüfuzunun qorunması ilə vəkillərin ictimai maraq doğuran məsələlərə dair tənqidi fikirlər səsləndirmək hüququ və vəkil peşəsinin müstəqil müdafiə funksiyası maraqları arasında həqiqi tarazlaşdırma qurmağa çalışmayıb. Belə birtərəfli qiymətləndirmə vəkillərin yalnız məhkəmə zalında deyil, həm də ictimai şəkildə ədalət mühakiməsinin həyata keçirilməsindəki əhəmiyyətli roluna görə daha geniş ifadə azadlığına malik olması barədə Avropa İnsan Hüquqları Məhkəməsinin yanaşması ilə də uzlaşmır.
Bu intizam cəzasından 15 gün sonra vəkil Qəhramanov barəsində 23 oktyabr 2025-ci ildə Gəncə şəhər Baş Polis idarəsində cinayət işi başlanılıb və o, şübhəli şəxs qismində saxlanılıb və ona qarşı xuliqanlıq və dələduzluq ittihamları irəli sürüb. Hadisələrin bu ardıcıllığı cinayət təqibinin Qəhrəmanovun peşə fəaliyyəti və ifadə azadlığı ilə bağlı ola biləcəyinə, onun cəzalandırılması və susdurulması məqsədi daşıdığına dair əsaslı şübhələri nümayiş etdirir.
Müstəqil Hüquqşünaslar Şəbəkəsinin iş materialları üzrə təhlili göstərir ki, Zabil Qəhrəmanovun həbsi və həbs müddətinin uzadılması ilə bağlı məhkəmə qərarları hər hansı faktlara əsaslanmayıb. Məhkəmələr bu qərarları formalaşmış və geniş yayılmış Azərbaycan məhkəmə təcrübəsinə əsasən ümumi və formal ifadələrlə əsaslandırıb. Qəhrəmanovun həbsdə saxlanılmasını onun cəmiyyət üçün təhlükəli olması, istintaqdan yayına bilməsi və ya proses iştirakçılarına təsir göstərə bilməsi kimi ümumi və formal əsaslara istinad edən məhkəmə Qəhrəmanovun işinə münasibətdə heç bir fərdi qiymətləndirməyə aparmayıb.
Vəkillər ədalət mühakimə sisteminin birbaşa iştirakçısı olduğu üçün şahid olduqları nöqsanların kənar müşahidəçisi yox, ictimaiyyəti məlumatlandırmağa məsul tərəf kimi qəbul edilirlər.
Müstəqil Hüquqşünaslar Şəbəkəsi bütün dövlətlərin Birləşmiş Millətlər Təşkilatının Vəkillərin Rolu haqqında Əsas Prinsiplərə uyğun olaraq vəkillərin öz funksiyalarını hədə-qorxu, təqib və ya qisas olmadan həyata keçirmələrini təmin etmək öhdəliyini xatırladır.
Müstəqil Hüquqşünaslar Şəbəkəsi Azərbaycan dövlətini beynəlxalq öhdəliklərinə, xüsusən də İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya çərçivəsində aşağıdakılara riayət etməyə çağırır:
Maddə 5 – Azadlıq və toxunulmazlıq hüququ
1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz.
Maddə 10 – İfadə azadlığı
1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.
Müstəqil Hüquqşünaslar Şəbəkəsi Azərbaycanda cinayət təqibində qanunlara riayət edilməsini təmin edən prokurorluq orqanlarını Zabil Qəhrəmanova qarşı açılmış cinayət işinə dərhal xitam verməyə çağırır.
Biz həmçinin vəkillərin müdafiəsi ilə məşğul olan beynəlxalq qurumları, vəkillər kollegiyalarını, xüsusi ilə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyasını (CCBE) və Avropa Vəkillər Kollegiyaları Federasiyasını (FBE) vəkil Zabil Qəhrəmanovun işini yaxından izləməyə, onun dərhal azad edilməsi məsələsini Azərbaycan hakimiyyət orqanları qarşısında qaldırmağa, həmçinin Azərbaycan Vəkillər Kollegiyasına üzvlərini müdafiə etmə öhdəliyinin vacibliyini vurğulamağa çağırırıq.
Discover more from ILN
Subscribe to get the latest posts sent to your email.